2020-01-01
Həmrəylik Günü münasibətilə Qazaxıstanda qəbul təşkil olunub

Azərbaycanın Qazaxıstandakı səfirliyində 31 dekabr – Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibətilə qəbul təşkil olunub.

Xarici ölkələrin Nur-Sultanda akkreditə olunmuş səfirləri, Qazaxıstan Xalqı Assambleyasının rəhbərliyi, diplomatik korpusun təmsilçiləri, ictimai xadimlər və dövlət xadimləri, Azərbaycan icmasının və Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, yerli jurnalistlər iştirak ediblər.

Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədov Almatı şəhərində baş verən təyyarə qəzası ilə əlaqədar Prezident İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verdiyini, azərbaycanlıların qardaş qazax xalqının kədərini bölüşdüyünü diqqətə çatdırıb.

Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibətilə təbriklərini çatdıran səfir bildirib ki, Azərbaycan xalqının milli və mənəvi bütövlüyünü təcəssüm etdirən bu əlamətdar gün ilk dəfə 1991-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə qeyd edilib. Bu təşəbbüs bütün dünyada yaşayan azərbaycanlılar tərəfindən qəbul edilib.

Diplomat ölkəmizin qısa müddət ərzində keçdiyi inkişaf yolu barədə məlumat verib. Bildirib ki, dünyanın ayrı-ayrı bölgələrində mürəkkəb etnosiyasi proseslərin getdiyi, dini və konfessiya zəminində qarşıdurmaların, humanitar fəlakətlərin baş verdiyi bir vaxtda Azərbaycan sabitlik, etnik-dini tolerantlıq və multikultural ənənələr qorunub saxlanılır.

Bir çox nüfuzlu beynəlxalq tədbirlərin, o cümlədən Dünyanın dini liderlərinin II Sammitinin, Türk Şurasının VII Zirvə Görüşünün, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün və növbəti üç il ərzində quruma sədrliyin Azərbaycana keçməsinin onun beynəlxalq nüfuzunun bariz nümunəsi olduğunu qeyd edib.

Diplomat vurğulayıb ki, dünyanın müxtəlif yerlərində, o cümlədən qardaş Qazaxıstanda yaşayan, qəlbləri Azərbaycana sevgi ilə döyünən həmvətənlərimiz də bu tarixi prosesdən kənarda qalmırlar, xalqımızın tərəqqisində, ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak edirlər.

Qazaxıstan Xalqı Assambleyasının sədr müavini Canseyit Tümebayev çıxış edərək bildirib ki, qazaxlar və azərbaycanlıları tarixi etnik və mədəni bağlar birləşdirir. Qazaxıstanda yaşayan azərbaycanlıların sayı 150 mindən çoxdur və onlar ölkənin siyasi, mədəni və sosial həyatında fəal iştirak edirlər. Hazırda ölkənin müxtəlif bölgələrində ümumilikdə 32 Azərbaycan mədəniyyət mərkəzi fəaliyyət göstərir. Burada Azərbaycan dili, mədəniyyəti, adət-ənənələri və musiqisinin öyrənilməsi üçün kurslar mövcuddur və Azərbaycan dilində qəzet çap olunur.

Tədbir çərçivəsində iki ölkənin münasibətlərinin inkişafında, Qazaxıstanda millətlərarası münasibətlərin möhkəmləndirilməsində, milli adət-ənənələrin, mədəniyyətin təbliğində fəal iştirak edən şəxslərin təltifolunma mərasimi keçirilib. Qazaxıstan cəmiyyətində fəal olan icma üzvləri və Azərbaycanın dostları mükafatlandırılıb.

Azərbaycanın Qazaxıstandakı səfiri R.Məmmədov Xalq Assambleyasının sədr müavini C.Tümebayevə “Təşəkkür məktubu”nu təqdim edib. C.Tümebayev isə öz növbəsində fəal azərbaycanlılara Assambleya adından təşəkkürnamələr verib.

Bununla yanaşı, gündəlik fəaliyyəti ilə qardaş Qazaxıstanda ictimai harmoniyanın möhkəmlənməsində, Azərbaycan xalqının mədəniyyətini, adət-ənənələrini qorumaq və yaymaqda xidmətləri olan, tarixi vətənlərini layiqincə təmsil edən ən fəal 10 diaspor təşkilatına və 10 icma üzvünə Azərbaycan səfirliyinin fəxri fərmanları, təşəkkür məktubları təqdim edilib.

Sonda ziyafət təşkil olunub. Ziyafətdə qonaqlar Azərbaycan mətbəxinin ləziz təamlarından dadıblar.

34343444

23232323232

212121

növbəti xəbər əvvəlki xəbər

.