2019-04-10
Qazaxıstanın paytaxtı Nur-Sultanda Novruz bayramı çərçivəsində "Şərq Baharı" mövzulu festival keçirilib.

Qazaxıstanın Avrasiya Milli Universiteti tərəfindən təşkil edilən festivalda Azərbaycan, Qırğızıstan, Özbəkistan, İran, Əfqanıstan, Hindistan və digər ölkələr təmsil olunub.

Festivalda Azərbaycan stendində şirniyyatlar, paxlava, plov, qutab, bundan başqa əl işi olan ipək xalçaları, milli musiqi alətləri və suvenirləri, həmçinin ölkəmizdə çap olunan jurnal və kitablar nümayiş etdirilib. Ziyarətçilərə Azərbaycan xalq çalğı alətləri, mətbəxi, mədəniyyəti, turizm və coğrafi zənginliyi haqqında ətraflı məlumat verilib.

Sərgidə digər ölkələrin də stendləri qurulub.

Festivalda Türk Şurasının üzvü Mırzatay Joldasbekov Novruz bayramının bütün xalqlar üçün önəmli olduğunu, təhsil müəssisəsində bu bayramın davamlı olaraq keçirilməsinin vacibliyini qeyd edib.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov tolerantlıq və multikulturalizmin çatışmazlığının hiss edildiyi bir zamanda Novruz bayramının insanları birləşdirən bir dəyər olduğunu söyləyib. Diplomat deyib ki, əsrlərdir Novruz bayramını qeyd edərək gözəl və zəngin mədəniyyətimizi, ənənələrimizi qorumuşuq və indi də gələcək nəsillərə ötürürük.

Təhsil müəssisələrinin hər bir cəmiyyətdə mühüm rol oynadığını bildirən səfir, belə festivalın keçirilməsinin tələbələrə xalqların mədəniyyətinin, mətbəxinin öyrənilməsi imkanını yaratdığını söyləyib.

Festival çərçivəsində təşkil olunan konsertdə xarici tələbələr ənənəvi mahnılar ifa edib və milli rəqslər nümayiş etdiriblər.

əvvəlki xəbər

.